Bizimlə əlaqə

Auditorlar Palatasının nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi  dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla ölkəmizdə tətbiqini genişləndirmək və beynəlxalq təcrübədən daha səmərəli bəhrələnmək məqsədilə, Özbəkistan Respublikası Fərqanə regionu Auditorlar Palatası tərəfindən 15.08.2023-21.08.2023-cü il tarixlərində Qırğızıstan Respublikasının Çolpan-Ata (İssık-Kul) şəhərində “Beynəlxalq Audit və Maliyyə Hesabatları Standartlarının tətbiqi”nə həsr olunmuş beynəlxalq konfransda Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyətləri: Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov və Palatanın üzvü, “Azəruçot” MMC-nin direktoru Eldar Təhməzov iştirak edib.

Konfransın proqramına uyğun olaraq, tədbirin açılış mərasimində digər ölkələrin audit və mühasibatlıq qurumlarının rəhbərləri ilə yanaşı Auditorlar Palatasının icraçı direktoru Səhubi Gülməmmədov da təbrik nitqi söyləyib.

Tədbirin 2-ci günü konfransın gündəliyinə əsasən, Auditorlar Palatasının icraçı direktoru Səhubi Gülməmmədov “Azərbaycanda Beynəlxalq Audit Standartlarının tətbiqi dayanıqlı iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda  və Palatanın üzvü, “Azəruçot” MMC-nin direktoru Eldar Təhməzov “Azərbaycanda Beynəlxalq Maliyyə Hesabatı Standartlarının tətbiqi təcrübəsi” mövzusunda  təqdimatla çıxış ediblər.

Konfransda Azərbaycan, Rusiya, Özbəkistan, Gürcüstan, Qırğızıstan və Özbəkistanın auditor və mühasibat təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbir zamanı iştirakçılarla ölkələrimizdə auditin mövcud problemləri, onların həlli yolları, auditor peşəsinin inkişafı və kadr hazırlığı sahəsində təcrübə mübadiləsi və bu sahələrdə əməkdaşlıq istiqaməti üzrə ətraflı müzakirələr və geniş fikir mübadiləsi aparılıb.

Daha sonra tədbir  zamanı iştirakçılara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə iqtisadi islahatların aparılması, kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər, habelə ölkə Prezidentinin müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat verilib.

Konfransın proqramı çərçivəsində tədbir iştirakçılarına mədəni-kütləvi tədbirlər təşkil edilib, tədbirlərin gedişi KİV-də işıglandırılıb, habelə xatirə video və foto çəkilişi aparılıb.

Tədbirin sonunda Palatanın nümayəndə heyətlərinə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.

Tədbirdən əldə edilən materiallar təhlil edildikdən sonra milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi istiqamətində müvafiq təklif və tövsiyələr hazırlanıb təqdim ediləcəkdir.