Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi

Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi — müəssisənin maliyyə vəziyyətini, fəaliyyətinin nəticələrini və nağd pul axınlarını düzgün əks etdirmək məqsədilə aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin dəqiq müəyyənləşdirilməsi və ölçülməsidir. Bu proses maliyyə hesabatlarının şəffaflığını, etibarlılığını və normativ-hüquqi aktlara uyğunluğunu təmin etmək üçün əsas şərtdir.

Şirkətimiz tərəfindən təqdim olunan qiymətləndirmə xidmətləri aşağıdakıları əhatə edir:

  • Aktivlərin (əsas vəsaitlər, ehtiyatlar, debitor borcları və s.) dəyərinin müəyyən edilməsi

  • Öhdəliklərin və potensial risklərin qiymətləndirilməsi

  • Gəlir və xərclərin düzgün tanınması və uçotu

  • Kapital strukturunun təhlili və onun maliyyə dayanıqlığına təsiri

  • Mühasibat uçotu standartlarına (yerli və beynəlxalq – IFRS) uyğunluğun yoxlanılması

  • Dəyərləndirmə metodlarının (tarixi dəyər, bazar dəyəri, ədalətli dəyər və s.) tətbiqi və əsaslandırılması

Bu xidmət çərçivəsində maliyyə hesabatlarında əks olunan məlumatların düzgünlüyü və əsaslandırılması təmin olunur, müəssisənin maliyyə göstəricilərinin real vəziyyəti əks etdirməsi təmin edilir. Komandamız bu sahədə dərin bilik və praktik təcrübəyə malik maliyyə mütəxəssislərindən ibarətdir. Biz müəssisələrə riskləri vaxtında müəyyən etməkdə, vergi və audit yoxlamalarına hazır olmaqda, həmçinin strateji maliyyə qərarlarını əsaslandırmaqda dəstək veririk.

Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi

            Maliyyə hesabatlarında müxtəlif səviyyələrdə və dəyişən kombinasiyalarda bir çox qiymətləndirmə metodları istifadə olunur. Onlara aşağıdakılar daxildir:

  • İlkin dəyər
    • Aktivlərin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödənilmiş məbləği (gömrük idxal rüsumları və alışla bağlı bərpa edilməyən (əvəzləşdirilməyən) vergilər də daxil оlmaqla), yaxud verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur.
    • Öhdəliklərin ilkin dəyər əsasında qiymətləndirilməsi öhdəliyin əvəzi olaraq əldə edilmiş mal, iş və xidmətlərin məbləğini, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləğini, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyərini, bəzi hallarda isə işin adi gedişində yaranan öhdəliyi təmin etmək üçün ödənilməsi gözlənilən pul vəsaitləri və ya onların ekvivalentlərini özündə əks etdirir.
  • Cari dəyər
    • Aktivlərin cari dəyər əsasında qiymətləndirilməsi cari dövrdə əldə edilmiş eyni və ya ekvivalent aktivlərə görə ödənilməli olan pul vəsaitləri və ya onların ekvivalentlərinin məbləğini özündə əks etdirir.
    • Öhdəliklərin cari dəyər əsasında qiymətləndirilməsi cari borcun ödənilməsi üçün tələb ediləcək pul vəsaitləri və ya onların ekvivalentlərinin diskontlaşdırılmamış məbləğini özündə əks etdirir
  • Mümkün satış (hesablaşma) dəyəri.
    • Aktivlərin mümkün satış (hesablaşma) dəyəri əsasında qiymətləndirilməsi onların müəyyən edilmiş qaydada satılması hesabına cari dövrdə əldə edilə bilən pul vəsaitləri və onların ekvivalentlərinin məbləğini özündə əks etdirir.
    • Öhdəliklərin mümkün satış (hesablaşma) dəyəri əsasında qiymətləndirilməsi onların ödənilmə dəyərini, yəni iş fəaliyyətinin adi gedişində öhdəliyi təmin etmək üçün ödənilməsi gözlənilən pul vəsaitləri və ya onların ekvivalentlərinin diskontlaşdırılmamış məbləğini özündə əks etdirir.
  • Diskontlaşdırılmış dəyər
    • Aktivlərin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi onların iş fəaliyyətinin adi gedişində əmələ gətirməsi gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyərini özündə əks etdirir.
    • Öhdəliklərin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi iş fəaliyyətinin adi gedişində onların ödənilməsini təmin etmək üçün tələb edilməsi gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının cari diskontlaşdırılmış dəyərini özündə əks etdirir.
  • Ədalətli dəyər
    • Aktivlərin ədalətli dəyər əsasında qiymətləndirilməsi onların qiymətləndirilmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində aktivin satılmasına görə alına bilən qiyməti özündə əks etdirir.
    • Öhdəliklərin ədalətli dəyər əsasında qiymətləndirilməsi onların qiymətləndirilmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində öhdəliyin ötürülməsinə görə ödənilə bilən qiyməti özündə əks etdirir.
    • Mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanması zamanı ilkin dəyər əsas qiymətləndirmə metodu kimi qəbul edilir. Bu metod, digər qiymətləndirmə metodları ilə birgə istifadə edilir.