“e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 375 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 sentyabr 2025-ci il
№ 262
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2025-ci il 11 sentyabr tarixli 262 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
“e-mühasibat” informasiya sistemi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “e-mühasibat” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Sistem “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim edilməsini, mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün həmin Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini təmin edir.
1.3. Sistemin formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də mühasibat uçotu sahəsi üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
1.4. Sistemdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Fərdi məlumatların Sistemdə toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların dövlət informasiya sistemlərində toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.6. Sistemin fəaliyyətinin təşkili, onun saxlanılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Sistemin sahibi və operatoru Nazirlikdir.
1.8. Sistem Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.9. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.10. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
2. Sistemin texniki-texnoloji infrastrukturu
2.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznesyönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq Sistemin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə Sistemdən istifadəni və məlumat mübadiləsini təmin edir.
2.3. Sistem onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Sistemin qurulma topologiyasına uyğun olaraq telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. Nazirliyin müvafiq struktur bölməsi tərəfindən Sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları;
2.4.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları.
2.5. Sistemdə formalaşdırılan, ona daxil edilən və ötürülən məlumatlar Sistemin informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli Sistemin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sistem, o cümlədən Sistemdə toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.8. Sistemdə aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3. Sistemin altsistemləri
3.1. Sistemin strukturuna daxil olan altsistemlər aşağıdakılardır:
3.1.1. kommersiya təşkilatlarının maliyyə hesabatları altsistemi;
3.1.2. publik hüquqi şəxslərin maliyyə hesabatları altsistemi;
3.1.3. büdcə təşkilatlarının maliyyə hesabatları altsistemi;
3.1.4. qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları altsistemi;
3.1.5. bildirişlər altsistemi;
3.1.6. mühasibat uçotu altsistemi.
3.2. Müvafiq sahədə lazımi məlumatların toplanması və emalı, monitorinqi və analitik təhlilinin aparılması, proqnozların hazırlanması məqsədilə Sistemin altsistemləri vasitəsilə aşağıdakılar təmin edilir:
3.2.1. kommersiya təşkilatlarının maliyyə hesabatları altsistemi vasitəsilə Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş kommersiya təşkilatları tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, habelə Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş kommersiya təşkilatları tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsi barədə məlumatların, məcburi audit subyektləri tərəfindən isə maliyyə hesabatlarının məcburi auditini keçirməsi barədə auditor rəyinin elektron qaydada göndərilməsi;
3.2.2. publik hüquqi şəxslərin maliyyə hesabatları altsistemi vasitəsilə Qanunun 12-1.8-ci maddəsində nəzərdə tutulmuş publik hüquqi şəxslər tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının (auditor rəyi ilə birlikdə), habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.9-cü maddəsində nəzərdə tutulmuş publik hüquqi şəxslər tərəfindən (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsi barədə məlumatların elektron qaydada göndərilməsi;
3.2.3. büdcə təşkilatlarının maliyyə hesabatları altsistemi vasitəsilə illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Nazirliyə təqdim etmək öhdəliyi olan büdcə təşkilatları tərəfindən həmin hesabatların elektron qaydada göndərilməsi;
3.2.4. qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları altsistemi vasitəsilə qeyri-hökumət təşkilatları tərəfindən illik maliyyə hesabatlarının elektron qaydada göndərilməsi;
3.2.5. bildirişlər altsistemi vasitəsilə illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Nazirliyə təqdim etməli olan təşkilatlara və məcburi audit subyektlərinə bildirişlərin (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq) göndərilməsi;
3.2.6. mühasibat uçotu altsistemində təşkilatların mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsi.
4. Sistemə daxil edilən və ötürülən məlumatlar
4.1. Məlumat mübadiləsinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə Sistem qanunvericiliyin tələbləri nəzərə alınmaqla, digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir.
4.2. Sahib normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi, vəzifələrinin icrası zamanı tələb olunan aşağıdakı məlumatları ilkin mənbələrdən əldə edir:
4.2.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinin tələblərinə uyğun olaraq, maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan mühasibat uçotu subyektləri barədə məlumatları (mühasibat uçotu subyektinin adı, VÖEN-i, hüquqi ünvanı, təşkilati-hüquqi forması, əlaqə məlumatları, illik gəliri, işçilərinin orta siyahı sayı, törəmə cəmiyyətlərinin adı, VÖEN-i, hüquqi ünvanı, əlaqə məlumatları, illik gəliri və işçilərinin orta siyahı sayı);
4.2.2. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinin tələblərinə uyğun olaraq, qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə məlumatlar (qurumun adı, qeydiyyat tarixi, qeydiyyat nömrəsi, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət məqsədi, təsisçiləri və qanuni təmsilçisi);
4.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq orta və iri mühasibat uçotu subyektləri (səhmdar cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlər) barədə məlumatlar (mühasibat uçotu subyektinin adı, VÖEN-i və hüquqi ünvanı).
4.3. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.4. Sistemlə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) Sistemə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə, onların elektron kabinetləri vasitəsilə daxil edilir.
4.5. Sistemdə formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edilir və rəsmiləşdirilir.
5. Sistemdən istifadə qaydası
5.1. Sahibin digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin (bundan sonra – qurumlar) Sistemdən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda həmin qurumların rəhbər şəxsləri tərəfindən Sistemdə qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxsləri Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq həmin Sistemdən istifadə edirlər.
5.3. Fiziki şəxslər Vahid Giriş Sistemi vasitəsilə Sistemdə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq Sistemdən istifadə edirlər.
5.4. Sistem vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə Sistemin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə həyata keçirilir.
5.5. Sistem vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və s.) istifadəçilərin Sistemin fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər, istifadəçi təcrübəsi və istifadəçiyönümlülüyü nəzərə alınmaqla xidmət kanalları vasitəsilə təqdim edilir.
6. Sahibin vəzifələri və hüquqları
6.1. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. Sistemin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək və bu barədə Sistemin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
6.1.2. Sistemin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi, o cümlədən dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların Sistemdə toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. Sistemin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – RİNN) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə Sistemə çıxış, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;
6.1.5. Sistemin informasiya təhlükəsizliyini XRİTDX-lə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin RİNN-lə birlikdə təmin etmək;
6.1.6. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin RİNN-ə təqdim etmək, habelə XRİTDX və RİNN tərəfindən bu barədə sorğular verildikdə, həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.7. Sistemin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını (qurumlarını) məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə Sistemin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün RİNN-lə birlikdə zəruri tədbirlər görmək;
6.1.8. Sistemə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.9. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.10. Sistemin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün RİNN və operatorla birlikdə tədbirlər görmək;
6.1.11. Sistemi EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
6.1.12. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.13. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.14. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.15. aidiyyəti qurumların Sistemin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.16. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün RİNN-lə birlikdə tədbirlər görmək;
6.1.17. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;
6.1.18. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq və aparılmasına nəzarət etmək;
6.1.19. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları RİNN-ə təqdim etmək;
6.1.20. Sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək və təkmilləşdirilməsi üzrə profilaktik işlər aparmaq;
6.1.21. Sistemin monitorinqi və auditi üçün XRİTDX-nin yerində baxış keçirməsinə şərait yaratmaq, bu məqsədlə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş məlumatları (sənədləri) XRİTDX-yə təqdim etmək;
6.1.22. RİNN-in bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında Sistemdə dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
6.1.23. Sistemdən sərbəst və maneəsiz istifadəni, Sistemin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Sistemin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
6.1.24. normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
6.1.25. RİNN ilə birlikdə “Açıq məlumatlar” portalı vasitəsilə açıq məlumatların əldə edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.26. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin hüquqları aşağıdakılardır:
6.2.1. Sistemin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. Sistemdən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. Sistemin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
6.2.5. Sistem ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişiklik aparılması məqsədilə məsələ qaldırmaq;
6.2.6. Sistemin parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
6.2.7. iştirakçılar və istifadəçilər Sistemin təhlükəsiz və səmərəli fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, Sistemə giriş imkanını ləğv etmək və ya məhdudlaşdırmaq;
6.2.8. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7. İştirakçıların vəzifələri və hüquqları
7.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
7.1.1. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.2. Sistemə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
7.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə Sistemə daxil etmək (ötürmək);
7.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
7.1.5. Sistemdən, habelə Sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
7.1.6. Sistemdə saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
7.1.7. sahibin və operatorun Sistemə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
7.1.8. Sistemin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
7.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və RİNN-ə məlumat vermək;
7.1.10. öz təşəbbüsləri, habelə RİNN-in və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
7.2. İştirakçıların hüquqları aşağıdakılardır:
7.2.1. Sistemin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
8. İstifadəçilərin hüquqları
8.1. İstifadəçilərin Sistemdən istifadə ilə bağlı hüquqları aşağıdakılardır:
8.1.1. Sistemdəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
8.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;
8.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;
8.1.4. sahiblə, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
8.1.5. Sistemin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
8.1.6. Sistemdən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
8.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.