Qiymətləndirmə üzrə xidmətlər

Sifariş et

Qiymətləndirmə üzrə göstərilən xidmətlər haqqında ümumi müddəlar

Məqsəd və nəticə

Bazar münasibətləri şəraitində qiymətlərin müxtəlif amillərin təsirindən tez-tez dəyişikliklərə məruz qalması və bu səbəbdən əmlakın və digər dəyərlərin qiymətlərinin operativ müəyyənləşdirilməsi zərurəti qiymətləndirmə fəaliyyətindən istifadəyə ehtiyac yaradır.

Bununla yanaşı, əmlakın alqı-satqısı, girov qoyulması, sığorta edilməsi, icarəyə verilməsi, bölüşdürülməsi, dəyişdirilməsi, vergiyə cəlb edilməsi, ləğv edilməsi, birləşdirilməsi, əmlaka investisiya qoyulması, əsas fondların yenidənqiymətləndirilməsi halları da qiymətləndirmə fəaliyyətindən istifadəni zəruri edir.

Qeyd etmək lazımdır ki, bağlanmış müqaviləyə uyğun dəyərlərin (bazar dəyəri, likvid dəyəri, balans dəyəri, inventar dəyəri və s.) qiymətinin müəyyən edilməsi barədə qiymətləndiricinin əldə etdiyi nəticələr barədə hesabat sifarişçiyə mühasibat uçotu və statistik sənədlərində və hesabatlarında düzəlişlər etmək hüququ verir.

Qüvvədə olan normativlər üzrə qiymətləndirmə standartlarına: daşınmaz əmlakın qiymətləndirilməsi, daşınan əmlakın qiymətləndirilməsi, fəaliyyət göstərən müəssisələrin qiymətləndirilməsi, qeyri-maddi obyektlərin qiymətləndirilməsi istiqamətləri aiddir.

Azəruçotun peşəkar qiymətləndiriciləri qeyd edilən normativlərə, standartlara və obyektin qiymətləndirilməsi üçün əsas hesab edilən sifarişçi ilə bağlanmış müqavilənin tələblərinə uyğun qiymətləndirməni həyata keçirməyi öhdəsinə götürür.

 

Mühasibat uçotunda qiymətləndirmənin zəruriliyi

 

Müəssisə özünün əmlakını, kapitalını, öhdəliklərini, dövriyyə aktivlərini, fondlarını və bütün maliyyə-təsərrüfat fəaliyyətinədək təsərrüfat əməliyyatlarını mühasibat uçotunda və hesabatında düzgün əks etdirmək üçün hökmən onların ilkin və ya bərpa (bazar qiymətlərinə uyğun) dəyəri ilə düzgün qiymətləndirilməsini və lazımi dövrlərdə yenidən qiymətləndirilməsini təmin edir.

Qiymətləndirmənin üsulları Mühasibat uçotu haqqında Qanuna, mühasibat uçotunun standartlarına və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun müəyyən edilir.

Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi

Maliyyə hesabatlarında müxtəlif səviyyələrdə və dəyişən kombinasiyalarda bir çox qiymətləndirmə metodları istifadə olunur. Onlara aşağıdakılar daxildir:

İlkin dəyər:

Aktivlərin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödənilmiş məbləği, yaxud verilmiş əvəzləşdirmənin ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur;

Cari dəyər:

Aktivlərin cari dəyər əsasında qiymətləndirilməsi cari dövrdə əldə edilmiş eyni və ya ekvivalent aktivlərə görə ödənilməli olan pul vəsaitləri və ya onların ekvivalentlərinin məbləğini özündə əks etdirir;

Mümkün satış (hesablaşma) dəyəri:

Aktivlərin mümkün satış (hesablaşma) dəyəri əsasında qiymətləndirilməsi onların müəyyən edilmiş qaydada satılması hesabına cari dövrdə əldə edilə bilən pul vəsaitləri və onların ekvivalentlərinin məbləğini özündə əks etdirir;

Diskontlaşdırılmış dəyər:

Aktivlərin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi onların iş fəaliyyətinin adi gedişində əmələ gətirməsi gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyərini özündə əks etdirir;

Ədalətli dəyər:

Aktivlərin ədalətli dəyər əsasında qiymətləndirilməsi onların qiymətləndirilmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində aktivin satılmasına görə alına bilən qiyməti özündə əks etdirir;

Mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanması zamanı ilkin dəyər əsas qiymətləndirmə metodu kimi qəbul edilir. Bu metod, digər qiymətləndirmə metodları ilə birgə istifadə edilir.

 

İnvestisiya layihələrinin qiymətləndirilməsi

 

 

İnvestisiya layihələrinin maliyyə-iqtisadi cəhətdən qiymətləndirilməsi real aktivlərə qoyuluşlarda mümkün variantlardan birinin seçilməsi və əsaslandırılması zamanı əsas yerlərdən birini tutur. Layihənin əlverişli səciyyələndirilməsinə baxmayaraq aşağıdakıların təmin edilməyəcəyi təqdirdə onun tətbiq edilməsi mümkün deyil:

• Mal və xidmətlərin satışından daxil olan gəlirlə qoyulan vəsaitin əvəzinin ödənilməsi;

• Müəssisənin qoyduğu investisiyanın arzuediləcək səviyyədə rentabelliyini təmin edəcək gəlirinin olması;

• İnvestisiya xərclərinin firmaya məqbul olan müddətdə geri qayıtması

İnvestisiya layihələrinin effektivliyini ölçülməsi üsulları əsasən müxtəlif obyektlərə uzunmüddətli kapital qoyuluşlarının məqsədəuyğunluğunu müəyyən etməklə onun gələcəkdə gəlir gətirməsi və xərclərini ödəmə perspektivlərini qiymətləndirilməsidir.

İnvestisiya layihələrinin alternativləri arasından ən optimalını və ən yaxşısını seçmək üçün müfəssəl təhlil edilməsi zəruridir.

Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə müxtəlif layihələrə qoyulmuş vəsaitlərin gəlirliliyini (effektivliyini) müqayisə edilməsinə əsaslanan qiymətləndirmə metodları tətbiq olunur.

 

İnvestisiya layihələrinin fayda-məsrəf analizi vasitəsi ilə qiymətləndirilməsi

Dünya iqtisadiyyatındakı son dəyişikliklər və böhran əsasən investisiya layihələrinin effektivliyinin qiymətləndirilməsində aşağıdakıların qabaqcadan nəzərə alınmasını proqnozlaşdırılması yanaşmasını irəli sürmüşdür:

• Məhsullar, iqtisadi resurslar və pul vəsaiti axınının modelləşdirilməsi;

• Layihəni həyata keçirməyə namizəd olan müəssisənin maliyyə vəziyyətinin, bazar təhlilinin nəticələrinin nəzərə alınması, layihə rəhbərlərinin etibarlı şəxslər olması, eləcədə layihənin həyata keçirilməsinin ətraf mühitə təsiri diqqətlə öyrənilməsi;

• İnflyasiya və ödənişlərin gecikdirilməsi kimi amillərin nəzərə alınması;

• Layihənin həyata keçirilməsi ilə əlaqədar risk və qeyri-müəyyənliyin nəzərə alınması.

İnvesitsiya layihələrinin effektivliyinin əsaslandırılması kriteriyaları maksimum mənfəətlilik, minimum xərclər, bazar payı, xərclərin geri ödənilməsi müddəti, məhsulun keyfiyyəti və s. ola bilər. Bütün bunların təmin ediləcəyi təqdirdə layihənin həyata keçirilməsi ilə əlaqədar olan xərclərin, həmçinin risk və inflyasiya həddinin dəqiq bilinməsi vacibdir.

Təqdim etdiyimiz xidmətlər nəticə etibarı ilə bu sahədə normativ hüquqi aktların düzgün tətbiqinə kömək etməklə yanaşı qiymətləndirmənin təşkili, aparılması və sona çatdırılması mərhələlərində hər bir sifarişçidə məmnunluq yaratmaqla bu sahədə onlarda işləyən mütəxəssislərinin təcrübəsinin artmasına, bilik və bacarıqlarının formalaşmasına səbəb olacaqdır.

Satınalmalar üzrə xidmətlər onu sifariş etmiş şəxsin obyektində və ya proseduru həyata keçirən icraçının ofisində aparılır. 

Xidmətlər “Dövlət satınalmalar üzrə xidmətlərin göstərilməsi barədə müqavilə” bağlandıqdan sonra həyata keçirilir. Xidmət haqqının məbləği və ödənilməsi müqavilədə göstərilmiş qaydada həyata keçirilir.

Son olaraq bildiririk ki, "Azəruçot" göstərilən xidmətlər zamanı sənəd və məlumatların qanunvericiliklə müəyyən olunmuş məsuliyyət qaydalarına uyğun olaraq mühafizəsini, qorunmasını, yayılmamasını, açıqlanmamasını öhdəsinə götürür və zəmanət verir.