Maliyyənin mahiyyəti

Maliyyə - iqtisadi zəncirin bütün həlqələrində təzahür edən pul vəsaitləri fondlarının bölgüsü, yenidən bölgüsü və istifadəsi ilə əlaqədar yaranan münasibətlər sistemidir. Bu münasibətlər dövlətlə hüquqi və fiziki şəxslər, eləcədə dövlətlər arasında baş verir.  Maliyyə münasibətləri iqtisadi münasibətlərlə sırf bağlı olub, onunla üzvü vəhdət təşkil edir.   

Maliyyə olduqca gərəkli, zəruri və vacib iqtisadi alətdir, o iqtisadi münasibətlərin mühüm tərkib hissəsidir. Maliyyə dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində fəal rol oynayır. Nəzərə almaq lazımdır ki, maliyyə, kredit və pul tədavülü ilk növbədə maddi istehsala əsaslanır və eyni zamanda istehsalın inkişafına birbaşa təsir göstərir.

Maliyyə məcmu ictimai və milli gəlirin bölgüsü əsasında pul vəsaiti, yığım fondlarının formalaşması və istifadəsi ilə əlaqədar cəmiyyətdə yaranan iqtisadi münasibətlər sistemidir. Həmin münasibətlər sistemi silsiləsində dövlətlə təşkilatlar, müəssisə və idarələr, iqtisadiyyatın müxtəlif sahə və bölmələri, ölkənin müxtəlif iqtisadi reqionları, cəmiyyət üzvləri və s. arasında qarşılıqlı əlaqələr, onun rəngarəng forma və üsulları özünü göstərir. Maliyyə geniş təkrar istehsal üçün pul mənbəyidir. Maliyyə eyni zamanda geniş təkrar istehsalda bir sıra proporsiyaları, o cümlədən milli gəlirdə istehlak fondu arasındakı nisbəti əlverişli istiqmətə yönəltməkdə mühüm bir vasitədir.