Maliyyə intizamı

Maliyyə  intizamı- müəssisə və təşkilatların, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin qanunvericilik və onun əsasında qəbul edilmiş normativ aktlarla qəbul edilmiş büdcə, vergi, kredit, hesablaşma və digər maliyyə öhdəliklərinə dəqiq və vaxtında əməl etməsidir.

Maliyyə  intizamı dövlət intizamının bir növüdür. Maliyyə  intizamı büdcə vəsaitinin təyinatı üzrə ciddi qənaət rejimi əsasında xərlənməsini, müəssisələrin rentabelliyinin durmadan artmasını və maliyyə durumunun möhkəmləndirilməsini təmin edir. Hesablanmış vergilərin bütövlüklə büdcəyə daxil olması, büdcədən ayırılan vəsaitlərdən təyinatı üzrə istifadə ediləmsi, vergi ödəyiciləri tərəfindən büdcə və sosial ödənişlər üzrə   öhdəlikərin vaxtında və tam şəkildə yerinə yetirilməsi və büdcə vəsaitlərinin xərclənməsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydalara ciddi əməl olunması Maliyyə  intizamının əsas tələblərindən biridir.

Maliyyə  intizamının pozulması maliyyə sanksiyalarına səbəb olmaqla, təşkilatların rəhbərləri, habelə baş mühasibləri qanunla  müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Müəssisədən kənar maliyyə xidmətlərinin göstərilməsi büdcə vəsaitindən istifadə edən  müəssisə və təşkilatların maliyyə intizamının möhkəmləndirilməsində rol oynayan əsas vasitələrdən biridir.   

Maliyyə intizamının  əsas prioritetlərdən biri də müəssisə və təşkilatlar tərəfindən mal, iş və xidmətlərin alışı zamanı qüvvədə olan normativ hüququ aktlarla müəyyən edilmiş qaydadlara əməl olunmasıdır. Həmçinin;

- bütün subyektlərin büdcə və büdcədənkənar fondlar qarşısında maliyyə öhdəliklərinin bütövlükdə və vaxtında təmin edilməsi;

- müəssisə və təşkilatlarda maliyyə vəsaitlərinin, eləcə də mal-material dəyərlilərinin effektiv, məqsədyönlü və səmərəli istifadəsi;

- mühasibat uçotu və hesabatların düzgün aparılmasının təmin edilməsi;

- müəssisələrdə ehtiyyat maliyyə resurslarını üzə çıxarmaqla, xərclərin azaldılması, mənfəət və rentabelliyin artırılması imkanlarının müəyyən edilməsi;

-maliyyə intizamının pozulması hallarının aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və s.

Nəticə etibarı ilə yuxarıda qeyd olunan vəzifələrin icrası maliyyə-təsərrüfat fəaliyyətində qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, maliyyə vəsaitlərdən səmərəli və qənaətlə istifadə edilməsinə imkan yaratmagla,maliyyə intizamının möhkəmləndirilməsinə şərait yaradır.