Maliyyə hüququ

Maliyyə hüququ-ictimai inkişafın hər hansı bir dövründə dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsinin təmin olunması üçün maliyyə fəaliyyəti prosesində meydana çıxan ictimai münasibətləri nizama salan hüquq normaları məcmusudur. Maliyyə hüququ-müstəqil hüquq sahəsidir.

Maliyyə hüququ başqa digər hüquq sahələrindən törəməyib, dövlət hüququ və inzibati hüquqla birlikdə müstəqil sahə kimi yaranmışdır. Ölkəmizdə maliyyə hüququ hazırda ən aktual və zəruri sahələrdən biridir. Belə kİ, dövlət bazar münasibətləri şəraitində maliyyə mexanizmlərindən (vergi, kredit, sığorta və s.) bazar iqtisadiyyatını idarə etmək üçün istifadə edir. Hələ XIX əsrin axırlarından başlayaraq maliyyə haqqında elmin əhəmiyyətinə böyük diqqət verilirdi. Qeyd olunurdu ki, maliyyə haqqında elm maliyyə təsərrüfatı haqqında elmdir. Onun tədqiqat obyektini məhz həmin «təsərrüfat» təşkil etməlidir. Maliyyə təsərrüfatı isə gəlirlərin əldə olunması, onların xərclənməsi və təsərrüfatçılığın yekunlarına qiymət verməkdən ibarətdir. Əgər hesab etsək ki, maliyyə haqqında elmin də, maliyyə hüququnun da predmetlərini «dövlətin maliyyə təsərrüfati» təşkil edirsə, onda bu mövqenin nə qədər doğru olduğunu görmüş oluruq.

Maliyyə hüququnun əhəmiyyəti ondadır ki, onun təsir dairəsinə dövlətin bütövlkdə maliyyə sistemi daxildir.  Maliyyə sisteminin hər bir həlqəsi müəyyən dairə maliyyə münasibətlərini əhatə edir. Beləliklə Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o habelə ümumi hüquqdur. Ümumi hüquq olmaqla, maliyyə hüquq münasibətlərində dövlət iradəsi, dövlətin mənafeyi əsas yer tutur.

Maliyyə hüququnun predmetini dövlət və bələdiyyələrin həyata keçirdikləri maliyyə fəaliyyəti prosesində meydana çıxan münasibətlər təşkil edir. Başqa sözlə, dövlətin və bələdiyyələrin həyata keçirdiyi maliyyə fəaliyyəti elə özlüyündə maliyyə hüququnun tənzimetmə predmetidir. Maliyyə hüququnun predmetini təşkil edən maliyyə münasibətlərini, maliyyə fəaliyyətinin funksiyalarına görə aşağıdakı qaydada qruplaşdırır:

-pul vəsaitləri fondunun səfərbər olunması;

-dövlətin maliyyə ehtiyatlarının bölüşdürülməsi;

-maliyyə ehtiyatlarından istifadə olunması;

-maliyyə ehtiyatlarının hərəkəti üzərində nəzarət;

-pul nişanlarının emissiyası ilə əlaqədar münasibətlər.

 Birinci qrupa büdcəyə vergi və rüsumların yığılması, dövlət xəzinəsinə könüllü ianələr, dövlət kreditinin yerləşdirilməsi üzrə münasibətlər aid edilir. İkinci qrupa büdcə tənzimlənməsinin gedişində, dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətlər daxil edilir. Üçüncü qrupa büdcə maliyyələndirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətlər daxil edilir. Dördüncü qrupa büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətlər daxil edilir. Beşinci qrupa pul nişanlarının emissiyası, yəni pul kəsilməsi (buraxılması) ilə əlaqədar münasibətlər aid edilir.

Maliyyə hüququnun predmetini təşkil edən maliyyə münasibətləri onlarda iştirak edən subyektlərdən asılı olaraq aşağıdakı qaydada bölünür:

-dövlətin maliyyə fəaliyyətini həyata keçirən orqanlarla hüquqi və fiziki şəxslər arasında münasibətlər;

-maliyyə fəaliyyətini həyata keçirən dövlət orqanlarının öz aralarında olan münasibətlər.

Bunlardan başqa, maliyyə fəaliyyəti prosesində yaranan maliyyə münasibətləri iqtisadi meyara görə də iki qrupa bölünür:

- maliyyə xarakterli münasibətlər;

- maliyyə xarakterli olmayan münasibətlər.

Maliyyə xarakterli münasibətlərə pul vəsaitlərinin hərəkətinin olduğu, habelə bölgü əlamətləri olan münasibətlər aiddir. Məsələn, vergi və sair ödəmələrin alınması ilə əlaqədar, yaxud büdcədən maliyyələşdirmələr ilə əlaqədar münasibətlər. Maliyyə xarakterli olmayan münasibətlər (qeyri-maliyyə münasibətləri) də dövlət və bələdiyyələrin həyata keçirdikləri maliyyə fəaliyyətinin məzmununu təşkil edir. Lakin iqtisadi cəhətdən maliyyə xarakterli olmadığına baxmayaraq, bunlar maliyyə münasibətləri yaratmağa, onları qaydaya salmağa, onların inkişafını təmin etməyə xidmət edir.

Məsələn, vergi və rüsumlar müəyyən etmədən, büdcələr təsdiq edilmədən, maliyyə nəzarəti təşkil etmədən və s. dövlətin maliyyə fəaliyyəti həyata keçə bilməz. Deməli, maliyyə qanunvericiliyinin hazırlanıb təsdiq olunması, büdcələrin hazırlanıb təsdiq olunması, maliyyə nəzarəti formalarının müəyyən olunması maliyyə münasibətləri yox, maliyyə münasibətlərim yaratmağa xidmət edən qeyri-maliyyə münasibətləridir. Nəhayət, dövlətin maliyyə fəaliyyətinin məzmununu təşkil edən bütün münasibətlər maliyyə-hüquqi tənzimetmədən asılı olaraq aşağıdakı münasibətlərə bölünürlər:

 - büdcə münasibətləri;

 - büdcədənkənar məqsədli fondların təşkili və icra olunması ilə əlaqədar  münasibətlər;

 - müəssisələrin, təşkilatların, idarələrin pul vəsaiti fondlarının yaradılması və  bölüşdürülməsi ilə əlaqədar münasibətlər;

 - vergi münasibətləri;

 - dövlətin daxili borcları ilə əlaqədar münasibətlər;

 - smeta-büdcə maliyyələşdirilməsi üzrə münasibətlər;

 - dövlət büdcədənkənar maliyyələndirmə üzrə münasibətlər;

 - büdcə kreditləri üzrə münasibətlər;

 - dövlət sığortası üzrə münasibətlər;

 - pul dövriyyəsi üzrə münasibətlər;

 - hesablaşma münasibətləri;

 - valyuta tənzimi ilə əlaqədar münasibətlər.

Maliyyə hüququnu başqa hüquq sahəsindən fərqləndirən əlavə meyar hüquqi tənzimetmə metodudur. Maliyyə hüququnun əsas tənzimetmə metodu hakimiyyət göstərişləri metodudur. Bu metodun əsas mahiyyəti ondadır ki, maliyyə fəaliyyətinə dair hər məsələnin həlli dövlətin iradəsi ilə həyata keçirilir. Dövlət-yəni onu təmsil edən orqan və ya bələdiyyələr məcburi göstərişlər-qanunlar, qanun qüvvəli aktlar, qərarlar verir ki, bunlar da hüquq münasibətinin digər tərəfi üçün məcburi xarakter daşıyır. Maliyyə hüququnun subyektləri bir qayda olaraq, öz təşəbbüsləri ilə maliyyə hüquq və vəzifələrinin həcmini dəyişə bilməzlər. Onlar qanunvericiliklə müəyyən olunan hüquqlara malik olur və vəzifələri yerinə yetirirlər.